Ukrayna hökumətində dəyişiklik gözlənilir | VİDEO

   Ukrayna hökumətində dəyişiklik gözlənilir     | VİDEO
  08 İyul 2025    Oxunub:1103
Ukrayna prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin başlamasından bəri ən böyük hökumət dəyişikliyinə hazırlaşır.
AzVision.az xəbər verir ki, vəziyyətdən məlumatlı olan mənbələrə istinad edən “Financial Times (FT)” nəşrinin yazdığına görə, istefaların və yeni təyinatların açıqlanması gələn həftəyə planlaşdırılır.

Söhbət bir neçə kadr dəyişikliyi dalğasından sağ çıxan və kabinetin “azsaylı müstəqil düşüncəli” üzvlərindən biri sayılan baş nazir Denis Şmıqalın vəzifəsindən gedir. Onun yerini Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermaka yaxın olan baş nazirin müavini Yuliya Sviridenko tuta bilər.

“Sviridenko ikitərəfli resurs sazişinin imzalanması zamanı ABŞ prezidenti Donald Trampın administrasiyası ilə yaxşı əlaqələr qurub”, - qəzet yazır.

Ukrayna ABŞ-dəki səfirini dəyişəcək | VİDEO
Şmıqal istefa verəcəyi halda, Ukraynanın ABŞ-dəki yeni səfiri təyin oluna bilər. Hazırda bu vəzifəni Oksana Markarova tutur. Zelenski onun dəyişdirilməsi ehtimalını iyulun 4-də Trampla telefonla müzakirə edib. “FT” bildirir ki, Markarova demokratlara yaxınlığına görə Trampın tərəfdarlarının tənqidinə məruz qalıb.

Vaşinqtonda səfir vəzifəsinə digər namizədlər arasında baş nazirin Avropaya inteqrasiya üzrə müavini Olqa Stefanişina, Müdafiə naziri Rustem Umerov, Energetika naziri German Qaluşenko, Mədəniyyət naziri Nikolay Toçitski və prezident ofisi rəhbərinin müavini İqor Jovkva da var.

“FT”-nin iddiasına görə, bütün qarşıdan gələn kadr dəyişikliklərinə Andrey Yermak şəxsən nəzarət edir. Onun bu prosesdə məqsədi hökumət üzərində öz nəzarətini gücləndirməkdir.

Xatırladaq ki, hələ bir həftə əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak “Novyny.LIVE” telekanalının efirində iyulun 15-də Ukrayna hökumətində dəyişikliklərin olacağını və baş nazir vəzifəsini Yuliya Sviridenkonun tutacağını proqnozlaşdırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   hökumət   dəyişiklik  



Xəbər lenti